Qərbi Azərbaycandan deportasiya - MÜZAKİRƏ


“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin (BİRA) təsis etdiyi “İrəvan - 2018” Hərəkatının növbəti tədbiri baş tutub. “Ermənistanın etnik təmizləmə və deportasiya siyasəti beynəlxalq hüquq kontekstində” mövzusunda baş tutan tədbirdə məruzəçi kimi “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov və AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BİRA-nın və “İrəvan-2018” Hərəkatının sədri Zaur Qəriboğlu bildirib ki, bu gün dünyada deportasiyalar beynəlxalq cinayət kimi qəbul olunur: “Azərbaycan xalqı da bu beynəlxalq cinayətlə zaman-zaman üz-üzə qalıb. Erməni təcavüzçüləri tərəfindən öz doğma dədə-baba yurdları işğal edilən millətimiz deportasiyaya məruz qalmış, hüquqları kobud surətdə pozulmuşdur. Acınacaqlı haldır ki, indiyə qədər bu deportasiyalara beynəlxalq qurumlar tərəfindən heç bir hüquqi qiymət verilməyib. 
Bizim hərəkat olaraq, əsas məqsədlərimizdən biri də odur ki, deportasiyaya məruz qalan Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını müdafiə edək və bunun beynəlxalq müstəvidə həllinə nail olmağa çalışaq”. Daha sonra çıxış edən BİRA-nın və “İrəvan-2018” Hərəkatının sədr müavini Oktay Hacımusalı qeyd edib ki, bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə ikili standartlarla yanaşması bütün sahələrdə özünü göstərir: “Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurd-yuvalarından sonuncu deportasiya faktından 20 il ötməsinə baxmayaraq, hələ də bu hadisəyə hüquqi qiymətin verilməməsinin özü də elə bu ikili standartın bariz nümunəsidir. “İrəvan – 2018” Hərəkatı məhz bu ikili standartlar çərçivəsində fəaliyyət göstərən beynəlxalq qurumlar qarşısında hüquqi aspektdən sonuna qədər mübarizə apararaq, həmin soydaşlarımızın hüquqlarını bərpa edəcək”. Tədbirdə məruzəçi kimi çıxış edən “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində “İrəvan-2018” Hərəkatına öz dəyərli tövsiyələrini verərək, bildirdi ki, bu gün vətən naminə fəaliyyət göstərən hər bir QHT hərəkata dəstək olmalıdır: “Hüquqi baxımdan deportasiyalara qiymət verərkən, müxtəlif nüansları diqqətə almaq lazımdır. Belə ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın mülkiyyət və vətəndaşlıq hüquqları defakto bərpa edilməlidir. 
Bunun üçün müxtəlif beynəlxalq instansiyalara müraciət edilməli və lazım sənədlər toplanaraq, həmin müraciətlərin sayı artırılmalıdır. Bu istiqamətdə istər şəxsim, istərsə, təşkilatım adından hər cürə dəstəyi verə biləcəyimi bəyan edirəm”. Daha sonra söz alan digər məruzəçi AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev məsələnin beynəlxalq hüquq müstəvisində bir predmet kimi həlli yollarına toxunub: “Təbii ki, bayaq çıxışçıların da qeyd etdiyi kimi bu yöndə ikili standartlar mövcuddur. Amma bu heç də o demək deyil ki, bizlər yerimizdə sakit oturmalıyıq. İndiyə qədər bu haqda danışanların böyük əksəriyyəti məsələyə sırf folklor janrında yanaşıblar. 
Bəzən isə daha insaflı elm adamları hadisələrə tarixi aspektdən yanaşıblar ki, bu da əslində deportasiya faktının tam həll edilməsi üçün kifayət etməməkdədir. Bu yöndə hüquqşünaslar birgə fəaliyyət göstərməli, məsələyə hüquqi qiymət verilməsi istiqamətində toplanan sənədləri incələyib, öz səylərini əsirgəməməlidirlər. Bu çox sevindirici bir haldır ki, məhz, “İrəvan - 2018” Hərəkatı bu yöndə ilk addım atıb”. Daha sonra çıxış edən "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Vətəndaşların Sosial Rifahı” İctimai Birliyinin sədri İradə Rızazadə, müstəqil ekspert Sənubər Sarallı, APA-nın erməni dilli versiyasının baş redaktoru Telman Qasımov, “Azərbaycan – İraq Mədəni Əlaqələri” İctimai Birliyinin sədri Tahirə Məmmədova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri Mehriban Abdullayeva “İrəvan -2018” Hərəkatına bu çətin fəaliyyətlərində uğurlar arzulayaraq, öz dəstəklərini nümayiş etdirdilər.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq