Sosial şəbəkələr yeni imkanlar yaradıb

Yaradılıb 07.03.2015 13:13

Font ölçüsü
Artıq internet hər bir ölkənin, hər bir cəmiyyətin, hər bir ailənin tərkib hissəsinə çevrilib. Son illər internet məkanında sosial şəbəkələrin özünə yer etməsi dünyanın hər yerindəki insanları bu müstəviyə cəlb edib. 
Belə demək mümkündürsə, sosial şəbəkələr XXI əsr hadisəsi, yaxud internet fenomenidir. Əslində, bu məvhum yeni olduğundan, onun əsl mahiyyəti, tərifi verilməyib. Amma sosial şəbəkə - sosial qarşılıqlı əlaqələr, sosial obyektlər, adamlar, təşkilatlar və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. İnternet cəmiyyəti sosial şəbəkələrin yaxşı nümunəsidir. Bu növ sosial şəbəkə XX əsrin 90-cı illərində internetin inkişaf etdiyi və genişləndiyi bir dövrdə daha da artdı. Artıq Azərbaycanda da sosial şəbəkələr insanlar üçün cəlbedici virtual məkana çevrilib. Xüsusən də facebookda insanların daha çox ünsiyyət qurmaları, fikir mübadiləsi aparmaları geniş yayılıb. 
Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycanda sosial şəbəkələrdə söz və fikir azadlığı, plüralizmin inkişafı ilə bağlı heç bir problem yoxdur. Bu gün sosial şəbəkələrdə müxtəlif siyasi dünyagörüşə, fərqli ideologiyaya sahib olan, ayrı-ayrı siyasi baxışların daşıyıcıları sərbəst şəkildə fikirlərini ifadə edirlər. Bunu mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən müsahiblərimiz də təsdiqləyirlər. 
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Reytinq"ə deyib ki, Azərbaycanda vətəndaşların yeni texnologiyalardan istifadə edərək dünyaya çıxışında, fikir, ideya, mövqe və baxışlarını ortaya qoymaqda hər hansı məhdudiyyət yoxdur. 
İ.Orucovun sözlərinə görə, fikir sərbəstliyi, fərqli və müxtəlif sosial-siyasi baxışlar, plüralizm əksər insanların yararlandığı sosial şəbəkədə gündəlik müşahidə edilir: "Yəni, hamı birmənalı olaraq bu fikri təsdiq edə bilər ki, hər bir insan sosial şəbəkələrin imkanlarından yararlanmaqla fikrini ifadə etməkdə azad və sərbəstdir, buna heç bir məhdudiyyət və ya hər hansı plüralizm inhisarçılığı yox-dur. Sosial şəbəkələr insanlara yeni və daha geniş ifadə olunmaq imkanı verdiyi üçün əslində, hər kəs öz arşınına görə buradan yararlanır. Əgər hər hansı ənənəvi ifadə olunmaq imkanları az-çox baryerlər ortaya qoyurdusa, sosial şəbəkələrdə heç bir baryer və ya sosial-siyasi davranışları buxov-layan senzura olmadığından kifayət qədər fərqli səviyyələr, baxışlar, məqsədlər ortaya qoyulur və insanlar əslində, burada özlərinin rollarını sərbəst oynamaq imkanı qazanırlar. Bu rollarda fərqli dəyərlər və dünyagörüşlər oynanılır. Kimisi aqressiyasını ortaya qoyur, kimisi humanizmi təbliğ edir, digəri radikallıq nümayiş etdirir, bir başqası intellektual düşüncəsini sərgiləyir, başqa biri isə dözümlülük və dialoq təklif edərək, insanları bəşəri müxtəlifliyin legitimliyinə çağırır və sair". 
İ.Orucov nəzərə çatdırıb ki, dövlət bu məsələdə tam sərbəst şərait yaratmaqla insanların açıq cəmiyyətdə azad və sərbəst yaşamasına, fəaliyyət göstərməsinə təminat verib. 
Müsahibimizin fikrincə, dövlət öz vətəndaşının maraqlarının həyata keçirilməsi kanallarının geniş-lənməsinə şərait yaratmaqla, hər bir fərdin fikir müxtəlifliyinə, fərqli düşüncəsinə, sosial və siyasi maraqların rəngarəngliyinə hörmətlə yanaşdığını ortaya qoyur: "Hesab edirəm ki, ölkəmizdə bu isti-qamətdə heç bir problem yoxdur, inteqrasiya və alternativ fikirlər üçün hər bir imkanlar var. Amma ölkələr və bəşəriyyət əleyhinə təhdidlər, təhlükələr, çağırışlar, qeyri-dözümlülük, qeyri-əxlaqi hərəkətlər və sairəyə qarşı dövlətin ümumi nəzarəti olmalıdır və buna hamı normal baxmalıdır". Azərbaycanda siyasi baxımdan fərqli fikirlərinə görə kiminsə həbs olunması, təzyiqlərə məruz qalması, söz-fikir azadlığının pozulması barədə bəzi radikal müxalifət nümayəndələri tərəfindən qeyri-obyektiv rəy formalaşdırmaq cəhdlərinin yersiz olduğunu vurğulayan İ.Orucov bu istiqamətdə səslənən neqativ fikirləri qəbul etmir: "İstər sosial şəbəkələrdə, istərsə də elektron KİV-lərdə və qəzetlərdə müxalif fikirli insanların yazdıqlarına baxsaq, hər cür təhqirdən tutmuş, tənqidə qədər fikirlərin yer aldığını asanlıqla müşahidə edə bilərik. Özünə müxalifət deyən bir kəsim ən aqressiv formada sosial şəbəkələrdə opponentlərini təhqir etməkdən belə çəkinmirlər. Halbuki bütün bunlar onların fəaliyyətlərində birbaşa cinayət tərkibi yaradır. Müxtəlif linklər altında səhifələr yaradıb etik normaları açıq-aşkar pozmaqla siyasi rəqiblərinə qarşı, nəinki siyasi fikirləri ilə barışmadıqları adamlara, hətta onların radikal və çılğın mübarizə üsullarına qoşulmayan insanlara qarşı təhqirlər, söyüşlər yerləşdirirlər. Baxmayaraq ki, bu cür fəaliyyət yolverilməzdir, yenə də dövlət humanizm göstərib onlara qarşı tədbirlər görmür. Kimsə bu motivlərlə həbs olunubsa, təzyiqlərə məruz qalıbsa həmin insanın adı olmalıdır və bu adı həmin ittihamçılar çəkə bilmirlər. Çünki belə bir hal olmayıb və yoxdur. Təzyiqlərə məruz qalan insan ortada olmadığı halda, onun adı da ola bilməz. Yəni, bütün bunlar boş iftiralar, həmin sosial şəbəkələr vasitəsi ilə təlimatlandırılan və müxtəlif saxta adlarla dəfələrlə qeydiyyatdan keçmiş bir qrup siyasətbazın uydurmaları və xülyalarıdır". 
Tanınmış hüquqşünas, müstəqil ekspert Qaya Əliyev isə qanunvericikdə vətəndaşlara tanınan fikir və ifadə azadlığına toxunaraq deyib ki, Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş və hazırda qüvvədə olan Konstitusiyasında fikir və söz azadlığı da öz əksini tapıb: "Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Habelə, Konstitusiyamızın 50-ci maddəsində hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, axtarmaq, yaymaq, hazırla-maq və ötürmək hüququ təsbit edilmişdir. Bununla belə, Konstitusiyamızın 51-ci maddəsində yara-dıcılıq azadlığı da öz leqal ifadəsini tapmışdır. Həmçinin, qeyd etməliyik ki, Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" 1950-ci il Avropa Konvensiyasına qoşulmuşdur. Həmin konvensiyada da sadaladığımız hüquqlar və azadlıqlar öz əksini tapıb. Təbii ki, həm respublikamızın Konstitusiyasında, həm də digər qanunvericilik aktlarında, eləcə də tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə təsbit olunmuş fikir və söz azadlığı, özünüifadə azadlığı və bu qəbildən olan digər fundamental hüquq və azadlıqların tətbiq diapazonu sosial şəbəkələri, yeni nəsil medianı, habelə bloqosferi də əhatə edir". 
Respublikamızda sosial şəbəkələrin çoxsaylı istifadəçiləri olduğunu söyləyən Q.Əliyev bildirib ki, həmin insanlar sosial şəbəkələrin texniki imkanlarından özünüifadə məqsədilə səmərəli yararlanırlar: "Amma bu hüquqların realizəsi sui-istifadə hallarına, qanun pozuntularına, digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə xələl gətirilməsinə rəvac verməməlidir. Konstitusiyamızın 71-ci maddəsinin II hissəsində də qeyd olunur ki, hər kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". 
Onu da nəzərə çatdıraq ki, bir müddət öncə sosial şəbəkələrdə fəaliyyətə nəzarətin vacibliyi ilə bağ-lı qanunun qəbulu birmənalı qarşılanmadı. Q.Əliyev isə Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə 2013-cü ildə edilmiş müvafiq dəyişikliyi hüquqi tərəfdən analiz edib: "14 May 2013--cü il tarixli qanuna əsasən Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mətnində müvafiq ola-raq "Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" istilahı əlavə edilib. Bu o deməkdir ki, həmin tarixdən etibarən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında da böhtan və təhqir kriminallaşdırılmış oldu. Əslinə qalsa, "KİV haqqında" müvafiq qanun-vericilik kontekstində yanaşdıqda Cinayət Məcəlləsinin həmin maddələri əvvəlki redaksiyada da kütləvi nümayiş olunan internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə böhtan və təhqirə görə cinayət məsuliyyətinin yaranmasına imkan verirdi. Cinayət Məcəlləsinin həmin maddələrinin yeni redaksiyasında isə kütləvi nümayiş olunan internet informasiya ehtiyatları əla-hiddə nəzərdə tutulmuş oldu. Qeyd etmək istərdim ki, KİV-lərdə, kütləvi nümayiş olunan əsərlərdə, internet informasiya ehtiyatlarında, habelə sosial şəbəkələrdə təhqir və böhtanın, o cümlədən şəxsin şərəf və ləyaqətini, habelə işgüzar nüfuzuna zərər vuran hərəkətlərin mülki hüquqi aspekti də var. Belə hərəkətlər həmçinin, Mülki Məcəllənin 23-cü maddəsinə əsasən mülki və maddi məsuliyyət yaradır". 
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrinə gəlincə, o da, Azərbaycanda internetin azad olmasından söz açıb: "Azərbaycanı bu sahədə dünyanın ən inkişaf etmiş Avropa və Qərb ölkələri ilə müqayisə etmək olar. Həm də Azərbaycan cəmiyyətinin çox aktiv təbəqəsi ən məşhur so-sial şəbəkə - facebook.com, twitter və digərlərində yaxından iştirak edirlər. Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, internet istifadəçilərinin 80 faizdən çoxu sosial şəbəkədən istifadə edir". 
N.Orduxanlının fikrincə, Azərbaycanda sosial şəbəkədə olan insanların böyük əksəriyyəti gənc nəslin nümayəndələridir: "Hər bir şəxs sosial şəbəkədə sərbəst şəkildə öz mövqeyini, münasibətini yazır və yayır. İstər siyasi fəaliyyətlə məşğul olan kəsim, istər bitərəf, istərsə də hakimiyyət nümayəndələri sərbəst şəkildə bu imkanlardan istifadə edirlər. Bəzən iqtidar nümayəndəsi ilə müxalifəti təmsil edən şəxslər arasında virtual müzakirələr də olur, etik çərçivədə fikir mübadiləsi də aparılır. Təəssüf ki, bu gün sosial şəbəkələrin imkanlarından istifadə edib saxta profillərlə neqativ yollara əl atanlar da var. Ancaq bu da, Azərbaycanda sosial şəbəkələrdə fikir azadlığı ilə fərqli fikrin ortaya çıxmasına əngəl yaratmır. Ölkəmizdə bu şəraitin olmasını ancaq təqdir edə bilərəm". 
N.Orduxanlı onu da nəzərə çatdırıb ki, bu gün ölkəmizdə fikir və ifadə azadlığının olmadığını iddia edənlər sosial şəbəkələrdə istədikləri kimi davranırlar: "Sosial şəbəkələrdəki azad meydan və orda aparılan müxtəlif səpkili fikir mübadiləsi real vəziyyətin göstəricisidir".


Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq