20 yaşına çatdıq

Sosial

20 yaşına çatdıq

Aprelin 24-ü “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyinin 20 yaşı tamam olur. Bir igidin ömrü olan 20 ili “Olaylar” elə igid kimi yaşadı. Şər-böhtanla üz-üzə qaldı, məhkəmələrə çəkildi, ancaq doğru bildiyi yoldan çəkilmədi. Düzlüyü, çevikliyi və obyektivliyi başlıca prinsip kimi qəbul edən “Olaylar” ailəsi daim bu meyarlara sadiq qaldı. “Olaylar” qəzeti dünya ölkələrində yaşayan, haqqı tapdanan hər bir azərbaycanlının tribunasına çevrildi. Əsas işimiz xəbər yaymaq olsa da, milliliyi, azərbaycançılığı da başlıca prinsip olaraq qəbul etdik. Budur, 20 yaşına çatdıq. 20 ildə daim birgə olduğumuz, yanında olduğumuz, yanımızda olan dostlar ürək sözlərini, təbriklərini göndəriblər. Onları təqdim edirik.
Elman Məmmədov-millət vəkili:
“Olaylar” həm qəzet, həm də informasiya agentliyi olaraq həmişə respublikamızın həyatında fəal mövqedə dayanıb. Bu media orqanları dövlətçilik mövqeyində dayanan, obyektivliyi ilə seçilən bir informasiya vasitələridir. Mən bu mətbuat orqanlarına bütün xoş arzularımı çatdırır və onların fəaliyyətinə uğurlar arzulayıram. Hesab edirəm ki, bundan sonrakı fəaliyyətində də bu mətbuat orqanları dövlətin, dövlətçiliyin maraqlarını müdafiə edəcək, milli maraqları üstün tutacaq. Artıq “Olaylar” media orqanları arasında öz dəsti-xətti ilə seçilir. 20 illik fəaliyyətində özünü obyektiv mətbuat orqanı kimi təsdiqləməyi bacarıb. Bir daha “Olaylar”a fəaliyyətində uğurlar diləyirəm.
Gövhər Baxşəliyeva-millət vəkili:
“Qlaylar” qəzetinin bütün əməkdaşlarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm. Onlara bu çətin işlərində uğurlar arzulayıram. Arzu edirəm ki, onlar daim öz obyektivliklərini qoruyub saxlasınlar, öz çevikliklərini davam etdirsinlər. Azərbaycanın informasiya məkanının formalaşmasında, inkişafında öz layiqli töhfələrini versinlər. “Olaylar” fəaliyyət göstərdiyi 20 il ərzində öz sözünü deyib. İnformasiyanın alınması və yayılmasında kifayət qədər təcrübəsi olan bu mətbuat orqanı heç şübhəsiz ki, alqışlara layiqdir. “Olaylar”a gələcək fəaliyyətində uğurlar arzulayıram.
Azay Quliyev-millət vəkili:
“Mətbuat orqanı üçün 20 yaş doğrudan da böyük bir dövrdür. “Olaylar” bu dövr ərzində Azərbaycan mətbuatının inkişafında, söz və fikir azadlığının müdafiəsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında öz sözünü deyə bilib. Bu mətbuat orqanının insanlara obyektiv və qərəzsiz məlumatın çatdırılmasında çox böyük rolu və təcrübəsi var. Mən “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz başda olmaqla bütün kollektivi ürəkdən təbrik edirəm Arzu edirəm ki, onlar bu mövqeyini həmişə qoruyub saxlasınlar və Azərbaycanın milli maraqlarını qorumaqda davam etsinlər.
Fəzail İbrahimli-millət vəkili:
“Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər mətbuat orqanı var. Bu mətbu orqanların hər birinin öz mövqeyi, cəmiyyətdə yeri mövcuddur. Bu boy sırasında uca görünən, nüfuza sahib olan, kifayət qədər ədalətli mövqeyi ilə seçilən, informasiyaları qərəzsiz çatdıran mətbuat orqanlarından biri də “Olaylar”dır. Mənim siyasi həyatda olduğum dövrdə izlədiyim informasiya vasitələrindən biri də bu mətbuat orqanıdır. Çünki, “Olaylar” bütün məsələləri kifayət qədər obyektiv, dövlətçilik baxımından işıqlandırır. Ona görə, “Olaylar” a yubiley münasibətilə təşəkkürümü və təbriklərimi çatdırmq istəyirəm. Məlumdur ki, mətbuat öz ömrünü özü artıra bilir. Güman edirəm ki, tutduğu mövqe, sərgilədiyi dəsti-xətt “Olaylar”a kütləvi informasiya vasitəsi kimi uzunömürlü həyat bəxş edəcək. Odur ki, “Olaylar”ın rəhbərliyini və bütün əməkdaşlarını təbrik edirəm, tutduğu yolda uğurlar arzu edirəm”.
Elçin Mirzəbəyli-“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru:
“Olaylar” Azərbaycanda yaranmış ilk müstəqil informasiya agentliyi kimi müstəqil xəbərçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan, “Olaylar” İnformasiya Agentliyinin fəaliyyətinə və missiyasına yeni dövr Azərbaycan mediasının yaradıcılarından biri kimi yanaşılmalıdır. Birinci olmaq, başlanğıclara imza atmaq bu və ya digər şəxsə, yaxud təşkilata, indiki halda isə media qurumuna yalnız tarixi status, imtiyaz bəxş etmir. Birinci olmaq yeni cığır açmaq, çətinliklərə sinə gərmək, kimsənin getmədiyi və sonu bəlli olmayan bir yolla irəliləmək, birinci və açıq hədəf olmaq deməkdir. Bu gün Azərbaycan mətbuatının aparıcı simalarının bir hissəsinin yolu məhz “Olaylar” İnformasiya Agentliyi və eyni adlı qəzetdən keçib. Müstəqil mətbuatımızın formalaşması üçün çox önəmli sayılan bir mərhələdə “Olaylar” yeni dövr Azərbaycan mediasının kadr bazası funksiyasını uğurla yerinə yetirib və bu gün də öz tarixi missiyasını davam etdirməkdədir. “Olaylar”ın Azərbaycan mətbuatı tarixində xüsusi yeri, çəkisi var. Agentliyin və qəzetin bundan sonra necə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu tarixi həqiqət heç vaxt dəyişməyəcək. “Olaylar” İnformasiya Agentliyi və qəzetinin yaranmasının 20 illiyi münasibəti ilə hər iki qurumun qurucusu və rəhbəri dəyərli dostum Yunus Oğuzu və bütün həmkarlarımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Razi Nurullayev-“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri:
“Olaylar” İA və eyni adlı qəzetə bol uğurlar arzu edirəm. 20 il xidmət etmək və ayaqda qalmaq az iş deyil. Buna nail olmaq üçün rəhbərlik və kollektiv davamlı çalışıb və nəticədə arxada qalan 20 illik xidmətdir. Agentlik və qəzetə daha böyük şanslar diləyirəm. Daha böyük olun, daha maraqlı yazın və daha çox insan tərəfindən oxunun. Yolunuz açıq olsun, dostlar!
Hüseyn Türkelli- Kanadada yaşayan güneyli mühacir:
“Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi 20 ildə böyük yol keçib. Qəzet bu 20 ildə dünyaya səpələnmiş azərbaycanlıların tribunasına çevrilməyi bacarıb. “Olaylar” qəzeti Güney Azərbaycan, Kərkük, Dərbənd, Borçalı türklərinin haqlarının müdafiəsində böyük rol oynayıb. “Olaylar” qəzetinin Güney türklərinin milli şüurunun oyanmasında böyük xidmətləri var. Hər zaman Azərbaycan türklərinin doğma qəzeti olmuş “Olaylar” qəzetini yubiley münasibəti ilə təbrik edirəm.
Aslan Xalidi- Azərbaycan Strateji Araşdırma Mərkəzinin sədri:
“Olaylar” qəzeti hər zaman bütün dünya azərbaycanlılarının qəzeti olub. Qəzetin yaranma tarixi də maraqlı tarixə təsadüf edir. Bildiyimiz kimi aprelin 24-ü hər il qondarma erməni soyqırımının ildönümü kimi qeyd olunur. Bu tarixdən çap olunmağa başlayan “Olaylar” qəzeti sanki dünya azərbaycanlılarının, türklərinin haqq bağıran səsi kimi doğuldu. “Olaylar” qəzetinin olduqca müqəddəs missiyası var. Bu missiya dünya ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyinə, birliyinə, onların ana dili, milli kimlik uğrunda mübarizəsinə dəstək verməkdən ibarətdir. “Olaylar” qəzetinin 20 illik yubileyi münasibətilə təbrik edirəm.
Bəhruz Quliyev- “Səs” qəzetinin baş redaktoru:
“Olaylar” qəzeti və “Olaylar” informasiya agentliyinin Azərbaycan mətbuatının inkişafında özünəməxsus rolu var. Fəaliyyətində peşəkarlığı, obyektivliyi, qərəzsizliyi başlıca meyar olaraq götürmüş “Olaylar” qəzeti daim dövlətçilik və azərbaycançılıq mövqeyindən çıxış etmişdir. Bu illər ərzində “Olaylar” qəzeti bir məktəb kimi formalaşmışdır. Bu gün Azərbaycan mətbuatında “Olaylar” qəzetində yetişmiş onlarla imza sahibi var. Başda Yunus Oğuz olmaqla “Olaylar” qəzetində çalışan bütün həmkarlarımı yubiley münasibətilə təbrik edir, qəzetə uzun ömür arzu edirəm.
Emin Həsənli- Tərxis Olunmuş Hərbçilərin Gənclərin Maarifləndirmə İctimai Birliyinin sədri:
Azərbaycan mediasında öz dəst-xətti ilə seçilən “Olaylar” informasiya agentliyi və “Olaylar” qəzetinin 20 yaşı tamam olur. Bu münasibətlə qəzetin baş redaktoru, tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist Yunus Oğuzu və qəzetin kollektivini səmimi qəlbdən təbrik edirəm. “Olaylar” qəzeti Azərbaycan mediasında öz dürüstlüyü, ictimai problemlərə diqqət ayırması ilə seçilir. “Olaylar” qəzetinin qeyri-hökumət təşkilatlarına verdiyi informasiya dəstəyi ilə vətəndaş cəmiyyətinin inkişafına böyük töhfələri olmuşdur. Qəzet daim Azərbaycan dövlətçiliyini, ümummilli lider Heydər Əliyevin gündəmə gətirdiyi milli idealogiyanı-azərbaycançılığı müdafiə etmişdir. Ümid edirəm ki, “Olaylar” qəzeti uzun ömürlü olacaq və Azərbaycan mediasının inkişafına öz töhfələrini verəcək.
Zəlimxan Məmmədli- “Borçalı” İctimai Cəmiyyətinin  sədri:
20 illiyini qeyd edən “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyini səmimi qəlbdən təbrik edirəm! Yazıçı-publisist Yunus Oğuzun rəhbərlik etdiyi qəzet daim milli davanın ön sıralarında olub. Xarici ölkələrdə yaşayan azərbaycanlıların, diaspora təşkilatlarının sevimli, doğma qəzeti olmuş “Olaylar” qəzetinə uzun ömür arzu edirəm. Qoy, öz obyektivliyi, dürüstlüyü ilə seçilən qəzet neçə on illər oxucularının görüşünə gəlsin.
Namiq Hacıheydərli- Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri
“Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin 20 yaşının tamam olması münasibətilə başda Yunus bəy olmaqla agentliyin və qəzetin bütün əməkdaşlarını təbrik edirəm. Çətin və çətin olduğu qədər də fərəhverici olan qəzetçilik işində qəzet əməkdaşlarının hər birinə uğurlar diləyirəm. Yazar adı daşımaq, qələm adamı olmaq təkcə bu günlə yaşamaq deyil, həm də uzaq sabahları düşünərək yaşamaq deməkdi. Arzu edirəm ki, “Olaylar” qəzeti 20 yaşında yüksək qiymət almağı haqq etdiyi kimi, uzaq sabahlardan – gələcək nəsillərdən də yüksək dəyərini ala bilsin və tarixin yaddaşında ən işıqlı mətbu orqanlarımızdan biri kimi özünə yer tutsun.
Qaya Əliyev- hüquqşünas:
"“Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin müstəqil mətbuatımızın formalaşması və inkişafı prosesində müstəsna rolu vardır. Dövlətimiz və xalqımız üçün taleyüklü bir dövrdə əsası qoyulmuş bu mətbu orqanları daim cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, bir növ ziyalılarımızın, milli mütəxəssislərimizin cəmiyyəti düşündürən ayrı-ayrı prioritet məsələlər üzrə dialoq platformasına çevrilmişdir. “Olaylar” qəzeti ötən 20 illik dövr ərzində cəmiyyətdə baş verən olayları işıqlandırmaqla kifayətlənməmiş, həm də öz prinsipial mövqeyi, vətənpərvərlik və dövlətçilik xətti, milli maraqlarımıza sadiqlik və təəssübkeşlik mövqeyi ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Bildiyimiz kimi, hal-hazırda yaşadığımız dövr – XXI əsr informasiya əsri kimi xarakterizə olunur. Bu baxımdan, istər “Olaylar” İA, istərsə də “Olaylar” qəzetinin milli informasiya ehtiyatlarının formalaşması, cəmiyyətin operativ, obyektiv və dolğun informasiya ilə təmin olunması və milli informasiya təhlükəsizliyimizin təminatı istiqamətindəki fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, bu mətbu orqanların yaradıcı gənclərə paternalist (himayədar) münasibətini şəxsən öz üzərində hiss etmiş bir insan kimi qeyd etməliyəm ki, həm “Olaylar” İA, həm də “Olaylar” qəzeti bu gün həmçinin yaradıcı gəncləri və onların əsərlərini cəmiyyətə təmənnasız olaraq təqdim edən əlverişli bir rupordur. Mən bu gün həm sadiq oxucusu olduğum qəzeti, həm də bir yaradıcı insan kimi sevimli tribunamı yubileyi münasibətilə təbrik edirəm. Hər iki mətbu orqanın rəhbərliyinə və yaradıcı kollektivinə bu çətin və şərəfli yolda uğurlar arzulayıram".
Xanoğlan Əhmədov-Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri,  jurnalist
- “Olaylar” qəzetinin rəhbərliyini və yaradıcı kollektivini yubileyləri münasibətilə təbrik edirəm. Bu günki çap və internet resurslarının bolluğu şəraitndə “Olaylar” özünün xüsusi yeri və dəst-xətti olan mətbuat orqanı kimi fərqlənir, fəaliyyəti dövründə cəmiyyətdə söz və fikir azadlığının gerçəkləşdirilməsində rolu əvəzedilməzdir. Bu qəzet Azərbaycan mətbuatının bir nümunəsi kimi dünya mətbuatının ümumi inkişaf xəttinə uyğun şəkildə fəaliyyət göstərir. Eyni zamanda səhifələrində Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini layiqincə davam edirməkdədir. Etiraf etmək lazımdır ki, bu gün ölkəmizdə çap mətbuatına oxucu marağı ürəkaçan deyil. Çoxlu sayda kütləvi informasiya vasitəsi - qəzetlər, informasiya agentlikləri, internet portalları, elektron KİV-lər və jurnallar qeydiyyatdan keçsə də, faktiki fəaliyyət göstərənlərin sayı xeyli azdır. Bu sırada qəzetlər xüsusilə seçilir. Son illər internet medianın geniş vüsət alması nəticəsində qəzetlərə oxucu tələbatı da azalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq “Olaylar” sabit oxucusu olan qəzetlər sırasındadır, oxucuları ilə müntəzəm təmasdadır. Həmkarlarımı bir daha təbrik edir, onlara bol-bol yaradıcılıq uğurları arzulayıram.
Mənbə: OLAYLAR


0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq