Mülkiyyət hüququnun qorunması prioritetdir

23-06-2015, 10:00 / Mülkiyyət hüququnun qorunması prioritetdir

Mülkiyyət hüququnun qorunması prioritetdir

Qaya Əliyev deyir ki, Prezidentin 17 iyun tarixli fərmanı Konstitusiyanın 13-cü maddəsində, mülki qanunvericilikdə, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş mülkiyyət hüquqlarının normativləşdirilməsi baxımından mühüm addımdır

Ölkədə hüquq islahatlarının davamlı xətt üzrə inkişaf etməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması yönündə müvafiq addımların atılması göz önündədir. Xüsusən də hüquqi bazanın təkmilləşdirilməsi, vətəndaşların hüquqularının qorunması və bu zaman ortaya çıxan maneələrin aradan qaldırılması üçün zəruri addımlar atılıb. 
Prezident İlham Əliyev də zaman-zaman bununla bağlı müvafiq fərman və sərəncamlar verməkdədir. Son dövrlər vətəndaşların hüquqularının qorunması yönündə də bir sıra tədbirlər həyata keçirilib. İyunun 17-də Prezident İlham Əliyev "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Fərman imzalayıb. Fərmana əsasən aşağıdakı qərar verilib: 
1. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsviri təsdiq edilsin (əlavə olunur).
2. "Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1.Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4.daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən texniki sənədlərin tərtib edilməsini nəzərdə tutan qanunvericilik aktı layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3.5.bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Məsləylə bağlı tanınmış hüquqşünas Qaya Əliyev fikirlərini “Unikal”la bölüşərkən deyib ki, ölkə başçısının imzaladığı bu fərman mülkiyyət hüquqlarının qorunması və sistemləşdirilməsi baxımından müsbət qiymətləndirilə bilər: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 17 iyun 2015-ci il tarixli fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində, mülki qanunvericilikdə, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş mülkiyyət hüquqlarının normativləşdirilməsi baxımından mühüm addımdır. Bu fərman mahiyyət etibarilə, vətəndaşların daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının tanınması və qeydiyyatı istiqamətində qəbul edilmiş əvvəlki fərmanların və digər normativ hüquqi aktların bir növ davamı və həmin aktların tətbiqi ilə bağlı texniki məsələlərin həllinə yönəlmiş bir fərmandır. Hazırki fərman əsasında "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın, eləcə də "Torpaq sahəsinin planı və ölçüsü təsviri təsdiq edilmiş və həmin fərmanın tətbiqi ilə bağlı Nazirlər Kabineti və digər müvafiq qurumlar qarşısında konkret normativ və texniki xarakterli vəzifələr qoyulmuşdur. Bildiyimiz kimi, daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən texniki sənədlərin tərtib edilməsini tənzimləyən kifayət qədər qanunvericilik bazası mövcud deyil. Respublika prezidentinin sözügedən fərmanında bu məsələnin həlli istiqamətində də mühüm addım atılmışdır. Belə ki, Respublika prezidenti Nazirlər Kabineti qarşısında daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən texniki sənədlərin tərtib edilməsini nəzərdə tutan qanunvericilik aktı layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək vəzifəsini qoymuşdur. Hesab edirik ki, bu sahədə müvafiq qanunvericilik aktının qəbul edilməsi vətəndaşların daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması prosesini asanlaşdıracaqdır”.
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nı təsdiq edib. Həmin dövrdə də qey olunduğu kimi, fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq və xeyli insanın probleminin həll olunacağı demək idi. 
Hüquqşünas Qaya Əliyev sözügedən qanunu “Unikal”a şərh edərkən deyib ki, Respublika Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli Fərmanı illər boyu öz həllini tapmamış, qanunvericilikdə bir qədər açıq saxlanılmış vətəndaşların mülkiyyət hüquqlarının dövlət tərəfindən qeydiyyatı və tanınması ilə bağlı müəyyən problemlərin həlli baxımından son dərəcə mühüm addımdır: “Bildiyimiz kimi, Mülki Məcəlləyə 30 sentyabr 2011-ci il tarixdə edilmiş əlavələrə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsaslar müəyyən edilmişdir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün zəruri əsaslarından biri kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən (yəni, Azərbaycan Respublikasının Prezidenti tərəfindən) müəyyən edilən sənədlər göstərilmişdir. Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli məlum fərmanı da bir növ Mülki Məcəllənin həmin maddəsinin dispoziyasiyasında blanket formada qeyd olunmuş qaydanın ifadəsidir”. 
Müsahibimizin sözlərinə görə, bu fərman vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin asanlaşmasına, bu sahədə bir sıra bürokratik problemlərin həllinə, mülkiyyət hüquqlarının tanınmasına, daşınmaz əmlakla bağlı dövriyyənin genişlənməsinə gətirib çıxaracaq: “Məsələn, uzun müddət məhkəmə təcrübəsində ciddi problemə çevrilən xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair sənədlər, sosial kirayə müqavilələri, orderlər tipli aktların vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əsasları kimi tanınması məsələsi birdəfəlik öz həllini tapmış olacaq. Həmçinin, hal-hazırda məhkəmə praktikasında ciddi problemlərdən biri də keçmiş kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqlarının tanınmasıdır. Sözügedən fərmanda bu məsələnin həlli ilə bağlı müvafiq təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Ümid edirik ki, bu problem də öz həllini tapacaq. Əvvəlki dövrdə belə bir fərmanın olmaması daşınmaz əmlakla bağlı mülki dövriyyəni, daşınmaz əmlakın alqı-satqısını çətinləşdirirdi, hətta bəzən sırf buna görə dövlət ehtiyacları üçün vətəndaşların mülkiyyət obyektlərinin satın alınması zamanı qeyri-adekvat kompensasiya və s. problemlər yaranırdı. Hesab edirik ki, bu fərman həmin problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq”. 
Görünən odur ki, Prezidentin imzaladığı son fərmandan sonra da bir sıra sənədləşmə işlərinin daha da sürətlənəcəyi və vətəndaşların mülkiyyət hüquqlarının qorunması istiqamətində hüquqi bazanın möhkəmlənməsi yardımçı olacaq. Bu da vətəndaşların hüquq və azadlıqlarının dövlət üçün prioritet olduğunu göstərir. 
 
Oxunub: 175

Mənbə: www.unikal.org

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq