Müsahibə

Müsahibə

“Mövcud şərait hərbi vətənpərvərlik tərbiyəsini zəruri edir”

Qaya Əliyev: ““Bir bölüyün manifesti” əsəri hərb tariximizin ən yeni dövrünün öyrənilməsi baxımından mühüm məxəzdir”
Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin “Bir bölüyün manifesti” oçerki “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda kütləvi tirajla çap olunub. Əsər Yasamal taboru şəhidlərinin timsalında Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf edilib. Bu barədə müəllifin özü ilə söhbət etdik.
- “Bir bölüyün manifesti” əsəri necə ərsəyə gəldi? Niyə məhz bu əsərinizi “Bir bölüyün manifesti” adlandırdınız?
- Hər bir əsərin ərsəyə gəlməsində və biblioqrafik həyata vəsiqə qazanmasında mövcud tarixi şəraitin, obyektiv gerçəkliklərin və konyunkturanın təsiri danılmazdır. Bildiyimiz kimi, ölkəmizin ərazisinin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Mövcud şərait hərbi-vətənpərvərlik fabulasını aktuallaşdırır. Eyni zamanda, bu sənədli oçerk Qarabağ  müharibəsi şəhidlərinin ruhuna hörmət və onların əziz xatirəsinin  yad  edilməsi,  cəmiyyətimizdə  “heç kim unudulmur, heç nə yaddan çıxmır” prinsipinin  təşəkkülü  və  möhkəmləndirilməsi  məramına xidmət edir. Həmçinin, hesab edirəm ki, indiki şəraitdə ayrı-ayrı tarixi qəhrəmanları müasir dövrün tələbləri rakursundan mübahisələndirməkdənsə, tarixi resurslarımızı  gənc  nəslin  hərbi-vətənpərvərlik  ruhunda tərbiyəsi işinə səfərbər etməliyik. Fikrimizcə, bu istiqamətdə  ən  effektiv  mənəvi-ideoloji  resurs  yaxın tariximizdəki “isti izləri” hələ “soyumamış”, Qarabağ  müharibəsində  doğma  torpaqlarımızın  müdafiəsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət, şəxsi igidlik və böyük fədakarlıq göstərmiş qəhrəmanlarımızın  keçdiyi  şanlı  döyüş  və  şərəfli  ömür  yolu ola bilər. Əsərin adının genezisi barədə isə onu deyə bilərəm ki, göründüyü kimi bu ad görkəmli nasir, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin məşhur “Bir gəncin manifesti” romanını xatırladır. Böyük, ustad yazıçı tərəfindən  ədəbi  dövriyyəyə  buraxılmış  manifest istilahı, daha sonra görkəmli Azərbaycan diplomatı Hafiz Paşayevin müəllifi olduğu “Bir səfirin manifesti” əsəri ilə ədəbi məkanda öz mövqeyini daha da möhkəmləndirərək, idiomatik deyimə çevrilib və frazeologiya kimi ədəbi dilimizə vəsiqə qazanıb. Biz də öz növbəmizdə, bu ədəbi ənənəni davam etdirərək çoxsaylı ad versiyaları arasından məhz “Bir bölüyün manifesti” adının üzərində dayandıq.
-  Qarabağ mövzusunda dövriyyədə kifayət qədər kitablar mövcuddur. Sizcə yazdığınız kitab digərlərindən nə ilə fərqlənir?
- Bu mövzuda kifayət qədər sanballı əsərlər yazılıb. Lakin, hesab edirəm ki, qələmə aldığımız əsərin orijinallığı onun üslubunda, yazılma texnikasında və məzmunundadır. Bu əsər həm üslub, həm də məzmun etibarilə sintetik xarakter daşıyır. Məsələn, geniş oxucu kütləsi üçün o bədii-publisistika nümunəsidir. Tarixşünas üçün o - ən yeni tariximizin Qarabağ müharibəsi səhifələrinin, həm də milli hərb tariximizin ən yeni dövrünün öyrənilməsi istiqamətində mühüm bir məxəzdir. Habelə dövrün ictimai-siyasi hadisələrinin politoloji, konfliktoloji, sosioloji, geopolitika və s. aspektlərdən şərh olunduğu bu əsər politoloqlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər üçün də xüusi maraq doğura bilər. Habelə, qeyd edim ki, əsərdə ayrı-ayrı Qarabağ döyüşçülərinin həyat və fəaliyyəti dünya ədəbiyyatının və Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılıq nümunələri fonunda oxucuya təqdim olunub. Bu baxımdan, əsər həm də ədəbiyyatşünasların, filoloqların mütaliə rasionuna daxil ola bilər. Həmçinin, əsərdə hərb tarixi, fəlsəfə, etika, estetika, dinşünaslıq və digər sahələrə aid müxtəlif elmi müddəalar və mülahizələr də öz əksini tapıb. Bir sözlə, əsərdən demək olar ki, bütün peşə və ixtisas sahibləri faydalana bilər. Yeri gəlmişkən qeyd edim ki, bəzən bu mövzuda qələmə alınmış əsərlərdə sovet tarixşünaslığından miras qalmış rəvayətçilik, primitiv salnaməçilik, arxiv materiallarının bir-birinin ardınca düzülərək təhlil edilmədən təqdim edilməsi, çoxsaylı statistika, quru sxematiklik kimi hallarla oxucunu yormaq, usandırmaq və mövzudan bezdirmək kimi hallara rast gəlinir. Çalışmışıq ki, bu neqativ hallara yol verməyək, əsər həm üslub, həm də məzmun və informasiya dolğunluğu etibarilə rəngarəng və oxucu üçün cəlb edici olsun.
- Siz ixtisasca hüquqşünassınız. Bu kitabı qələmə alanda hadisələrə hüquqşünas kimi yanaşmısınız, yoxsa publisist kimi?
-  Bildiyiniz kimi, bu kitabdan əvvəl, mənim tam fərqli mövzuda, tam fərqli üslubda əsərim nəşr olunmuşdu. Hesab edirəm ki, müstəqil Azərbaycan Respublikasının cinayət-prosessual  qanunvericiliyinin mənbələrinin konseptual şəkildə, elmi-nəzəri və hüquqi, eyni zamanda fəlsəfi  əsaslarla tədqiq olunduğu “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” adlı həmin monoqrafiyamda respublikamızda çox az tədqiq olunmuş cinayət prosessual hüquq sahəsinə öz töhfəmi verə bilmişəm. Əgər birinci kitab mənim sırf elmi idrakımın və hüquq düşüncəmin məhsulu idisə, hal-hazırda müzakirə etdiyimiz oçerk isə, daha çox bədii təxəyyülümün, estetik şüurumun, emosional idrakımın, fəlsəfi dünyagörüşümün ifadəsidir. Lakin bununla belə, Transmilli cinayət hüququ sahəsi üzrə bir gənc ixtisaslı mütəxəssis kimi əsərdə yeri gəldikcə XX əsrin sonlarında xalqımızın məruz qaldığı 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü kimi beynəlxalq cinayətlərin beynəlxalq hüquqi tövsifini verməyə və Qarabağ konfliktinin hüquqi aspektlərini şərh etməyə çalışmışam.
-Yasamal taboru və onun bölükləri haqqında çoxlu əfsanələr dolaşır. Bu kitabın yazılmasının tarixşünaslığımız baxımından önəmi nədir?
-Əlbəttə ki, ən yeni tariximizin Qarabağ müharibəsi səhifələrinin bədii-publisistik janrda qələmə alındığı bu əsərimiz ilk növbədə, tarixi irsin transmissiyası, keçmiş və gələcək nəsillər arasında informasiya körpüsünün yaradılması, nəsillərarası mənəvi-ideoloji rabitənin və milli yaddaş mübadiləsinin təmin edilməsi kimi konseptual məqsədə xidmət edir. Məşhur latın deyimində qeyd olunduğu kimi, tarixi bilməmək — həmişə körpə qalmaq deməkdir. Başqa sözlə desək, “Bir bölüyün manifesti”  sənədli  oçerki  də,  iqtibas gətirdiyimiz məşhur latın ibarəsinin təbirincə desək, gənc nəslin tarixi yaddaş baxımından “körpə qalmamasına”, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, ən yaxın tariximizə, xüsusilə onun Qarabağ müharibəsi səhifələrinə dərindən bələd olmasına və onlardan ibrətamiz tarixi dərslər çıxarmasına xidmət edir. Əsər, eyni zamanda I Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün tərkibində Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən  döyüşlərdə  şücaətlə  vuruşmuş,  habelə  bu yolda qəhrəmancasına həlak olmuş və ya fiziki sağlamlığını itirmiş vətən övladlarının adlarının əbədiləşdirilməsi və tarixin yaddaşına həkk edilməsi, eyni zamanda onların dövlət və vətən qarşısında misilsiz xidmətlərini fiksasiya etmək və kitab vasitəsilə  maddiləşdirmək”  məqsədi  daşıyır.  Doğrudur, haqqında bəhs etdiyimiz bu fədakar vətən övladları daim qədirbilən xalqımızın rəğbətini qazanır və onların vətən qarşısındakı xidmətləri qüdrətli  dövlətimiz  tərəfindən  qiymətləndirilir,  təltif edilir,  mükafatlandırılır.  Sevindirici  haldır  ki,  bu gün Respublikamızın hər guşəsində küçələr, prospektlər, məktəblər və s. onların mübarək adlarını daşıyır, onların şərəfinə müxtəlif abidələr, heykəllər, büstlər ucaldılır, barelyeflər, guşələr düzəldilir. Lakin, tarixi təcrübə onu deməyə əsas verir ki, bu qəbildən olan maddi abidələrin heç birinin fiziki ömrü kitab qədər, əsər qədər uzunmüddətli olmur. Belə ki, bəşər tarixində qədim dünyanın yeddi möcüzəsi hesab olunan möhtəşəm abidələrdən belə yalnız  biri  -  Misir  ehramları  günümüzə  qədər  öz fiziki  mövcudluğunu  qoruyub  saxlaya  bildiyi  halda, bəşər sivilizasiyasının intellektual fəaliyyətinin məhsulu olan, yaşı min illərlə ölçülən bir çox qədim əlyazmalar,  əsərlər  və  kitablar  günümüzə  qədər gəlib çatmışdır. Məhz elə buna görə də, Amerikalı hüquqşünas və konqresmen Rufus Choate deyirdi ki,  kitab  yeganə  ölümsüzlükdür.  Bütün  bunlarla yanaşı,  həmçinin  qeyd  etməliyik  ki,  kitab  ən  qiymətli  hədiyyə  və  ən  dəyərli  ərməğandır.  Elə buna görə də biz, yuxarıda qeyd olunanları və böyük şairimiz Səməd Vurğunun “ölməz könül, ölməz əsər” kəlamını rəhbər tutaraq, I Qarabağ müharibəsində  Respublikamızın  ərazi  bütövlüyünün müdafiəsi  uğrunda  rəşadətlə  döyüşmüş  igid  oğullarımızın bir qisminə - Yasamal taborunun II bölüyünün döyüşçülərinə ən etibarlı və dayanıqlı informasiya  daşıyıcısı  olan  kitabdan,  ən  uzunmüddətli yaradıcı  məhsul  olan  yazılı  əsərdən  ibarət,  əsrlər boyu yaşayacaq ölümsüz intellektual abidə ucaldaraq tariximizin uzaq ünvanlarına və gələcək nəsillərin milli yaddaşına ərməğan etdik.
Mənbə: olaylar.az / teleqraf.com

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq