Sənədsiz evlərlə bağlı sərəncam: Bu, daşınmaz əmlakla bağlı dövriyyənin genişlənməsinə gətirib çıxaracaq

Yerləşdirilib: 14.01.15 | Baxılıb: 52
"Respublika Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli Fərmanı illər boyu öz həllini tapmamış, qanunvericilikdə bir qədər açıq saxlanılmış vətəndaşların mülkiyyət hüquqlarının dövlət tərəfindən qeydiyyatı və tanınması ilə bağlı müəyyən problemlərin həlli baxımından son dərəcə mühüm addımdır".

Bunu hüquqşünas Qaya Əliyev deyib. 

Qaya Əliyev daha sonra bildirib ki, Mülki Məcəlləyə 30 sentyabr 2011-ci il tarixdə edilmiş əlavələrə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsaslar müəyyən edilmişdir: "Həmin Məcəllənin 139-1.1.8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün zəruri əsaslarından biri kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən (yəni, Azərbaycan Respublikasının Prezidenti tərəfindən) müəyyən edilən sənədlər göstərilmişdir. Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli məlum fərmanı da bir növ Mülki Məcəllənin həmin maddəsinin dispoziyasiyasında blanket formada qeyd olunmuş qaydanın ifadəsidir. Bu fərman vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin asanlaşmasına, bu sahədə bir sıra bürokratik problemlərin həllinə, mülkiyyət hüquqlarının tanınmasına, daşınmaz əmlakla bağlı dövriyyənin genişlənməsinə gətirib çıxaracaq. Məsələn, uzun müddət məhkəmə təcrübəsində ciddi problemə çevrilən xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair sənədlər, sosial kirayə müqavilələri, orderlər tipli aktların vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əsasları kimi tanınması məsələsi birdəfəlik öz həllini tapmış olacaq. Həmçinin, hal-hazırda məhkəmə praktikasında ciddi problemlərdən biri də keçmiş kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqlarının tanınmasıdır. Sözügedən fərmanda bu məsələnin həlli ilə bağlı müvafiq təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Ümid edirik ki, bu problem də öz həllini tapacaq. Əvvəlki dövrdə belə bir fərmanın olmaması daşınmaz əmlakla bağlı mülki dövriyyəni, daşınmaz əmlakın alqı-satqısını çətinləşdirirdi, hətta bəzən sırf buna görə dövlət ehtiyacları üçün vətəndaşların mülkiyyət obyektlərinin satın alınması zamanı qeyri-adekvat kompensasiya və s. problemlər yaranırdı. Hesab edirik ki, bu fərman həmin problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq". (gunpress)

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq