Qarabağ müharibəsi ilə bağlı yeni kitab işıq üzü görüb

14/1/2015 [13:55] Cəmiyyət
Qarabağ müharibəsi ilə bağlı yeni kitab işıq üzü görüb


Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin “Bir bölüyün manifesti” oçerki “Elm və Təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda, kütləvi tirajla çap olunub.
Avropa.info-nun məlumatına görə, əsər Yasamal taborunun şəhidlərinin timsalında Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsinə və onların fədakar valideynlərinə ithaf edilib.
Kitabda Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Bölüyün tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi ömür və döyüş yolu müəllif tərəfindən ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılmışdır.
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində qələmə alınmış bu əsər mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərdə Yasamal taborunun II bölüyü ilə yanaşı, tabor komandiri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu da geniş işıqlandırılıb. Kitabda həmçinin Qarabağ konfliktinin beynəlxalq hüquqi aspektləri, Xocalı soyqırımının, həmçinin 20 yanvar hadisələrinin və yaxın tariximizə dair digər hadisələrin hüquqi tövsifi də verilib.
Kitabın “Ön sözü”-nün müəllifi və redaktoru fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovdur. Kitabın rəyçiləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, politoloq Hikmət Babaoğlu, filologiya elmləri doktoru, professor, şair-ədəbiyyatşünas Vüqar Əhməd, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlidir.
Xatırladaq ki, əsər ötən il “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyası nəşr edilmiş gənc hüquqşünas Qaya Əliyevin bədii-publisistik janrda ilk qələm təcrübəsidir. 

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq