Geyim mədəniyyətinin səviyyəsində fikirlər toqquşdu-Sorğu

2014/05/24 16:11

 Geyim mədəniyyətinin səviyyəsində fikirlər toqquşdu-Sorğu
Geyim mədəniyyəti hər bir xalqın mentalitetini, onun tarixi keçmişini, dünənini və bu gününü göstərir. Ərəblər uzun  əbası ilə, Türklər qaftanı, azərbaycanlılar Çəpgən, ləbbadə, nimtənə, çərkəzi, çuxa, kürdü, küləcə və.s  mili geyimləri ilə dünyaya səs salıblar.   
İllər ötdükcə bütün sahələrdə olduğu kimi geyim mədəniyyətində də müəyyən eroziyalar yaşandı. 
Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, geyim mədəniyyəti milli maraqlardan çox zövqlərin, maraqların toqquşduğu bir formaya keçid alıb. İnsanlar milli geyimlərin formatına uyğun olmayan, öz zövqlərinə və özlərini daha rahat hiss edə biləcəyi geyimlərə üstünlük verir.

Ekspertlər isə geyim  mədəniyyətində baş qaldıran erroziyanı müsbət qiymətləndirmirlər. Qeyd olunur ki,  hazırkı məqamda geyim mədəniyyətinin təbliğ olunmaması, bu sahə üzrə maarifləndirici tədbirlərin həyata keçirilməməsi gənclərin  bu mədəniyyətdən kifayyət qədər uzaq salıb.
Məsələnin ciddiliyini nəzərə alıb Facebook sosial şəbəkəsinin aktiv iştirakçıları arasında geyim mədəniyyətinin səviyyəsi ilə bağlı sorğu keçirdik. Respondentlər maraqlı fikirlər səsləndirdilər. 
 Həmin fikirləri diqqətinizə çatdırırıq.
Produser Sayqa Cahid: "Geyim  mədəniyyətinin səviyyəsini normal hesab edirəm. Çünki moda ilə ayaqlaşmaq istəmələri yaxşıdır. Doğrudur bəzi hallarda ifrat dərəcəsinə çatdırırlar. Ancaq bütün bunlara baxmayaraq bu gün Azərbaycanda ən son dəbdə olan həm rəng həm fason geyimlər var. Kimə hansı yaraşır onun seçimi qalır. Əlbətdə müasir Azərbaycanımın hər bir vətəndaşının geyim mədəniyyətini yüksək görmək istəyirəm”.
Estetik cərrah Teymuraz Rəsulov: "Daim diqqət cəlb etmək, dəbdən geri qalmamaq ücün hərkəs gözəl və yaraşıqlı geyinməyə çalışır. Bəzi insanlarda alınır, bəzilərində alınmır. Mənim Fikrimcə geyim tərzi müasirlikdən geri qalmamalıdır. Eyni zamanda müəyyən sərhədləri də keçmək olmaz. Geyim tərzini seçərkən diqqətli olmaq lazımdır. Həddindən artıq açıq-saçıq geyim tərzi seçənlər də var. Bu müasirlik demək deyil”.
Telejurnalist Nəsimi Nəbizadə: "Mən hər zaman klassik geyimə üstünlük verirəm. İdman stilində geyinə bilmirəm. Bizdə geyimə çox mühafizəkar yanaşırlar, az-az adam görərsən ki, sərbəst geyinir. Əsasən kişilər mühafizəkar geyinir, qadınların da bəziləri çox açıq... elə bilirlər bu yaxşıdı... məncə kişilər bir az sərbəst olmalıdı... bəzi qadınlar da üslublarını dəyişməlidirlər... Hər şey həddində gözəldi..”.
Jurnalist Elşad Məmmədli: "Geyim Adəm və Həvva dövründən insan övladının özü üçün formalaşdırdığı ilk mədəniyyətdir. Zaman keçdikcə adamlar geyimin fəlsəfəsini, dəbini müəyyənləşdirməyə başlayıblar. Təbii, istər kişilər, istərsə də qadınlar geyimə təkcə örtünmək vasitəsi kimi yanaşmırlar. Xüsusi ilə qadınlar onları daha cəlbedici, daha seksual göstərən geyimlərə sahib olmağa çalışırlar. Və haqlıdırlar, çünki bir qayda olaraq insanı geyiminə görə qəbul edirlər. Ancaq unutmaq lazım deyil ki, hər kəsin özünə yaraşan geyim forması, rəngi olur. İnsanın yalnız ona yaraşan paltarı geyinmədi geyim mədəniyyətinin əsasını təşkil edir. Məsələn, birinə qısa ətək yaraşırsa, onu geyinməyə haqq edir. Digəri isə ona yaraşmayan qısa ətək geyinərək, yalnız özünü lağ predmetinə çevirir. Bir də ən çox çatışmazlıq hansı geyimin hansı məkana geyinilməsi məsələsidir. Yəni işin iş, toyun toy, gəzməyin gəzmək paltarı olmalıdır”.
Yazıçı Mircəlil Cavanşir: "Mən azadlıq tərəfdarıyam. Düşüncədə də, geyimdə də, sözdə də azadlıq vacibdir. Mən düşünmürəm ki, rahat geyimlər çılpaqlıqdır. Qadın ona yaraşanı geyinməlidir. Bu açıq da ola bilər, mühafizəkar da. Əsas odur ki, gözəllik iyrəncliyə çevrilməsin. Mən zövqlü seçimlərin tərəfdarıyam. Bayağı şəkildə açıq-saçıq geyimləri isə qətiyyən bəyənmirəm. Bu bir dəb, tərz və üslub olmalıdır. Qonşu qızının yaraşıqlı ayaqlarına baxıb ətəyini qısaldan əyriayaq qızlarımıza yazığım gəlir. Ümumiyyətlə qadın gözəl və estetik, şarmlı olmalıdır. Epilyatordan bixəbər qadınlar qısa ətək geyinməkdənsə, şalvar və ya uzun ətək geyinsələr yaxşı olar. Bir sözlə azadlıq və zövq mütləq bir-birinə uyğun gəlməlidir.Təəssüf ki, geyim mədəniyyətinin səviyyəsi qənaətbəxş deyil. Zövqsüzlük, vulqarlıq baş alıb gedir. İctimai yerlərdə, efirlərdə zövqlü xanım görəndə sevinirəm. Rəng seçimi və digər məsələlər qəti ürəkaçan deyil. Məncə bu sahədə ciddi inkişafa ehtiyac var”.
Şair Vüqar Əhməd: "İstər kasıb, istər varlı zövqlə geyinməlidir. Bahalı olmasa da geyimlər fəsilə.dəbə uyğun olmalıdır. Adam var geyimi ilə özünü gülünc vəziyyətə qoyur”.
Hüquqşunas Qaya Əliyev: "Geyim ləyəqət məsələsidir. İnsanın özünə psixi münasibətidir. Bu münasibət müxtəlif və subyekitv xarakter daşıdığından bu məsələni obyektiv müzakirə predmetinə çevirmək rentabelli deyil.Təbii ki, geyim seçimində ictimai qayda, əxlaq normaları, milli dəyərlər və s. nəzərə alınmalıdır.
İlahiyyatçı alim Əkrəm Həsənov: "Geyim mədəniyəti hər xalqın, qəbilənin, millətin özünəməxsus geyim formaları var. Bizim də özümüzün həm dinimizə, həm adət ənələrimizə uyğun geyim formalarımız var. Ancaq müasir dövrümüzdə geyim formasını itirməyə başlayır. Təkcə bizdə yox, bütün dünyada geyim formaları tənzimlənir və büynəlxalq geyim formaları təzahür edir. Təəssüf edirik ki, bu geyim formalarında qərbə üstünlük verərək qızlarımız həddini aşırlar. Əslində böyük mövzudur, qısa olaraq bizdə Azərbaycanda geyim mədəniyyəti normalarını qoruyanlar az da olsa var. Çoxusu normaları pozur, inanın ki, bu cür norma pozulması qızların özlərini dəyərdən salır. Bu təcrübədən keçirilmiş bir həqiqətdir”.
Futbolçu Kamran Babayev: "Əslində hərənin öz geyimi, öz stili var . Amma indi bu stili özünə yaraşanlar da,  yaraşmayanlarda geyinir. Məncə hərə özünə yaraşan geyimi geyinsə yaxşıdı.  Məncə3-4 şəhərdə zövqlə geyinən insanları görmək mümkündür”.
Yazıçı Sevinc Çılqın: "Geyim mədəniyyətinin səviyyəsi yüksəkdir. Geyinməyi, bəzənməyi sevirik. Eyni zamanda bəzən hara nə geyməli olduğunu bilməyənlər var”
Mənbə: azeriturk.az

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq