Hüquq elminə qiymətli töhfə

Bəlli olduğu kimi, yaşadığımız hazırkı XXI əsr – qloballaşma, inteqrasiya, informasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı bir əsrdir. Təsadüfi deyildir ki, həmin əsrdə baş verən qeyd olunan proseslər çox məhsuldar qüvvə olan elmin bütün sahələrinə bu və ya digər dərəcədə öz müsbət və ya mənfi təsirini göstərməkdədir. Problemə  bu kontekstdən yanaşarkən, dünyəvi elmlərin aparıcı istiqamətlərindən, ictimai şüurun bilavasitə özünəməxsus, spesifik formalarından sayılan hüquq elmi də istisna deyildir. Doğrudur, Azərbaycanda sovet dönəmində, kommunist rejimi dövründə sözügedən problemə aid bir sıra dəyərli əsərlər yazılsa da, ölkəmizdə 1991-ci ildə, ikinci dəfə milli müstəqillik bərpa edildikdən sonra qeyd olunan sahədə daha sanballı, fundamental xarakterli əsərlər yazılmış və yazılmaqdadır. Bu baxımdan, yaxın günlərdə “Elm və Təhsil” nəşriyyatı tərəfindən işıq üzü görmüş, sözügedən sahədə gənc, perspektivli mütəxəssis olan Qaya Əliyevin “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi nəzəri əsasları və hüquqi xarakteristikası” adlı monoqrafiyası diqqəti xüsusilə cəlb edir. Monoqrafiyada müstəqil Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələri konseptual şəkildə, elmi-nəzəri və hüquqi, fəlsəfi əsaslarla tədqiq olunmuşdur. Müəllif, tədqiqat işləri apararkən cinayət-prosessual qanunvericiliyin daha da təkmilləşdirilməsi, sözügedən sahədə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində dəyərli elmi-nəzəri və praktiki təkliflər irəli sürmüşdür, Tövsiyə xarakterli həmin təkliflərdən müvafiq dövlət orqanları və qanunvericilik təşəbbüsü subyektləri istifadə edə bilər. Bir növ dərslik və dərs vəsaiti xarakteri daşıyan bu elmi əsər ali məktəblərdə təhsilin bakalavr, magistratura və doktorantura mərhələsində təhsil alan tələbə-gəncləri, həmçinin sözügedən sahədə çalışan elmi işçilər, o cümlədən əməli fəaliyyətlə məşğul olan hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də, hakimlər, prokurorlar, müstəntiqlər, təhqiqatçılar, habelə dövlət qulluqçuları, eyni zamanda cinayət-prosessual hüquq sahəsi ilə maraqlanan bütün hüquq ictimaiyyəti nümayəndələri üçün maraq doğura bilər. Monoqrafiya ön söz, giriş, iki fəsil, nəticə, ədəbiyyat siyahısı, qoyulan problemə müvafiq əlavələr və sxemlərdən ibarətdir. İlk baxışda monoqrafiyada diqqəti cəlb edən məqamlardan biri də, bir neçə sözdən ibarət olan, mürəkkəb istilahların qısa şəkildə verilməsidir. Doğrudur, monoqrafiyaya ön söz yazan hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov monoqrafiyanın ümumi elmi-nəzəri və əməli əhəmiyyəti barədə özünün orijinal fikirlərini söyləmişdir. Bu baxımdan, monoqrafiyanın müəllifi, giriş hissəsində qeyd olunan fikirləri daha müfəssəl şəkildə şərh etmişdir. Monoqrafiyada xüsusilə diqqəti cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, əsərdə hüquq elminin nəzəri və əməli aspektləri fəlsəfi cəhətdən əsaslandırılmışdır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, yuxarıdakı abzasda ehtiva olunan fikirlər Azərbaycanda müstəqillik illərində sözügedən sahədə yazılan elmi əsərlərdən demək olar ki, ilk təşəbbüsdür və ilk elmi addımdır. Monoqrafiyanın birinci fəsli “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları” adlanır. Müəllif bu fəslin birinci paraqrafında cinayət-prosessual qanunvericiliyin mənbəyinə aid anlayışları sadə, geniş oxucu kütləsinin asanlıqla başa düşəcəyi şəkildə, həm elmi, həm də fəlsəfi cəhətdən şərh edir. Qeyd olunan fəslin ikinci paraqrafından müəllif, cinayət-prosessual qanunvericiliyin mənbələrinin sistemi və kllassifikasiyası-təsnifatı haqqında oxucuya ətraflı məlumat verir və  özünün mütəxəssis kimi qiymətli fikirlərini çatdırır. Müəllif əsərin ikinci fəslində - “Cinayət-prosessual qanunvericiliyin müxtəlif mənbələrinin hüquqi xarakteristikası”nı səciyyələndirir. Burada müəllif cinayət-prosessual qanunvericiliyin başlıca mənbələrini təşkil edən normativ-hüquqi aktların, normativ xarakteri aktların və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hüquqi xarakteristikasını verir. Müəllif monoqrafiyanın nəticə hissəsində  müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində elmi-praktik təkliflər irəli sürür. Monoqrafiyanın ədəbiyyat siyahısına gəldikdə, müəllif sözügedən problemlə əlaqədar olaraq, Rus, İngilis, Türk və Azərbaycan dillərində olan hüquqi ədəbiyyatdan orijinal şəkildə istifadə etmiş, bəzi mənbələri isə ilk dəfə olaraq elmi dövriyyəyə cəlb etmişdir. Monoqrafiyanı əməli cəhətdən səciyyələndirən mühüm amillərdən biri də ondan ibarətdir ki, burada müstəqil Azərbaycanda müvafiq sahədə qəbul olunmuş hüquqi aktların ilk dəfə olaraq, tam, müfəssəl və sistemləşdirilmiş kataloqu verilmişdir. Müəllif, monoqrafiyada qoyulan məsələlərin elmi-nəzəri şərhi ilə kifayətlənməmiş, eyni zamanda “Sxemlər” bölməsində həmin məsələlərin sxematik-təsviri izahını vermişdir.
Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət quruculuğu və hüquq” kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Fəxrəddin Nağıyev, rəyçiləri isə, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov, Bakı Dövlət Universitetinin “Kriminalistika, məhkəmə ekspertizası və əməliyyat-axtarış fəaliyyəti” kafedrasının dosenti, hüquq elmləri namizədi Mübariz Mustafayev, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov, həmçinin monoqrafiyanın fəlsəfi aspektləri üzrə elmi məsləhətçisi və rəyçi yazının  müəllifidir. Müəllif cinayət-prosessual qanunvericilin mənbələrinin anlayışını verərkən ona fəlsəfi cəhətdən yanaşmış, onu fəlsəfi kateqoriya qismində xarakterizə etmiş, dialektikanın mövcud qanunlarının çərçivəsində problemi şərh etmişdir. Eyni zamanda, diqqəti cəlb edən məqam ondan ibarətdir ki, müəllif tədqiqat zamanı qoyulan problemi şərh edərkən, elmi-nəzəri əsaslandırma ilə kifayətlənməmiş, həmçinin problemin fəlsəfi əsaslarına varmış, qoyulan problemin tədqiqi üzrə fəlsəfənin anlayışlar aparatından, dialektikanın qanun və kateqoriyalarından, sistem nəzəriyyəsindən və  s. məharətlə istifadə etmiş, başqa sözlə desək, fəlsəfənin qeyd olunan anlayış və kateqoriyalarını, Azərbaycan hüquq elmi tarixində demək olar ki, ilk dəfə cinayət-prosessual hüquq elminə tətbiq etmişdir. Qeyd olunanlara bariz misal kimi qeyd edək ki, müəllif cinayət-prosessual qanunvericiliyin mənbələri sistemini fəlsəfənin sistem nəzəriyyəsinin müddəaları əsasında şərh etmiş, cinayət-prosessual hüquq və cinayət-prosessual qanunvericilik anlayışlarının differensasiyasını dialektikanın mahiyyət və təzahür, forma və məzmun kateqoriyaları əsasında aparmışdır.
                                                                                          Əsədulla Qurbanov
                     Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru
“Kaspi” qəzeti, 10 iyul 2014-cü il

Mənbə: Olaylar.az / azxeber.com

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq