“Elektron məhkəmə” informasiya sisteminin yaradılması günün tələbidir

Qaya Əliyev: Bu, ədalət mühakiməsinin şəffaflığı, məhkəmə aşkarlığı prinsipinin bərqərar olması və neqativ halların aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, “dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşıb, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artıb, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafı üçün etibarlı zəmin yaranıb. Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.
Mütəxəssislər hesab edirlər ki, ölkə Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsindəki islahatlar prosesində, məhkəmə sisteminin şəffaflaşdırılması, demokratikləşdirilməsi, bürokratiyanın və süründürməçiliyin aradan qaldırılması, kargüzarlığın sadələşdirilməsi, eləcə də ədalət mühakiməsinə ictimai nəzarətin və məhkəmə aşkarlığının təmin olunması istiqamətində mühüm addımdır. Qaya Əliyev hesab edir ki, bu Sərəncam məhkəmə sisteminin şəffaflaşdırılması, korrupsiya və digər neqativ halların aradan qaldırılması sahəsində ciddi nailiyyətlərin əldə olunmasını şərtləndirəcək: “Sərəncamda “Elektron məhkəmə-informasiya sistemi”nin formalaşdırılması çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri kimi məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, eləcə də, məhkəmə proseslərinin audiovizual texniki vasitələrdən istifadə etməklə qeydə alınmasının təmin olunması və onları virtual məkanda müşahidə etmək imkanının yaradılması, ədalət mühakiməsinin şəffaflığı, məhkəmə aşkarlığı prinsipinin bərqərar olması və neqativ halların aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir. Belə ki, Sərəncamda göstərilmiş bu müddəalar tətbiq olunarsa, evində və ya ofisdə oturan hər bir vətəndaş, QHT nümayəndəsi və başqaları internet vasitəsilə məhkəmə proseslərini izləyə biləcək. 
Bu zaman hakimlərin məsuliyyəti daha da artacaq və onlar ictimai nəzarəti daim öz üzərlərində hiss edəcəklər. Eyni zamanda, bu prosedur məhkəmə proseslərinin monitorinqini həyata keçirməyə çalışan ictimai birliklərin də işini asanlaşdıracaq. Bütün bunlarla yanaşı, Sərəncamda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər hüquq praktikası ilə yanaşı hüquq elminin də inkişafına rəvac verəcək”. 
Bundan başqa, Qaya Əliyev vurğulayıb ki, elektron məhkəmə sisteminin yaradılması və bu prosesin elektron qaydada aparılması hüquq elmləri üzrə tədqiqatçıların əsl məhkəmə praktikasına və bu sahədə informasiyaya əlçatımlılığına daha asan çıxışını təmin edəcək: “Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alan tələbələr onlayn rejimdə məhkəmə proseslərini izləməklə nəzəri biliklərini praktiki müstəvidə möhkəmləndirərək, hüquq üzrə məlumatlar əldə edəcəklər. Bundan əlavə, informasiya sistemi məhkəmədə işlərin təyin olunduğu vaxtlar, proseslərin aparılacağı yer və müvafiq hakimlər barədə məlumatların hər bir proses iştirakçısına rahatca çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına şərait yaradacaq”.
 
  • Oxunub:  1830  |  
  • Tarix:  19-02-2014

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq