“Elektron məhkəmə”nin əhəmiyyəti nə olacaq? - Şərh

14 Fevral 2014 [18:01]



Hüquqşünas Qaya Əliyev sərəncamı şərh edib:

"Fikrimcə, Respublika Prezidentinin "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamı məhkəmə-hüquq sisteminin təkminləşdirilməsi sahəsindəki islahatlar prosesində, məhkəmə sisteminin şəffaflaşdırılması, demokratikləşdirilməsi, bürokratiyanın və süründürməçiliyin aradan qaldırılması, kargüzarlığın sadələşdirilməsi, eləcə də ədalət mühakiməsinə ictimai nəzarətin və məhkəmə aşkarlığının təmin olunması istiqamətində mühüm addımdır. Bu sərəncam dəqiq və məsuliyyətlə icra edilərsə məhkəmə sisteminin şəffaflaşdırılması və məhkəmə-hüquq sistemində korrupsiya və digər neqativ halların aradan qaldırılması sahəsində ciddi dönüş yaranacaq.

Sərəncamda "Elektron məhkəmə-informasiya sistemi”nin formalaşdırılması çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri kimi məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, eləcə də məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasının təmin olunması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılması ədalət mühakiməsinin şəffaflığı, məhkəmə aşkarlığı prinsipinin bərqərar olması və neqativ halların aradan qaldırılması baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Belə ki, sərəncamda göstərilmiş bu müddəalar tətbiq olunarsa evində və ya ofisdə oturan hər bir vətəndaş, QHT nümayəndəsi və b. internet vasitəsilə, onlayın rejimdə məhkəmə proseslərini izləyə biləcək.

Bu prosesdura hakimlərin məsuliyyətini artıracaq və onlar ictimai nəzarəti daim öz üzərlərində hiss edəcəklər. Eyni zamanda, bu prosedura məhkəmə proseslərinin monitorinqini həyata keçirməyə çalışan ictimai birliklərin də işini asanlaşdıracaq. İctimaiyyətin məhkəmə proseslərində virtual müşahidəçi qismində iştirakının təmin olunması məhkəmə aşkarlığı prinsipinin realizəsinin dünya praktikasında geniş yayılmış mexanizmlərindən biridir. Bütün bunlarla yanaşı sərəncamda icrası nəzərdə tutulan tədbirlərin realizəsi hüquq praktikası ilə yanaşı hüquq elminin də inkişafına rəvac verəcək. Başqa sözlə desək, sərəncamda göstərilən tədbirlərin icrası prosessual hüquq elmlərinin inkişafına, bu sahədə elmi-tədqiqatçıların işinin asanlaşmasına da xidmət edəcək.

Məsələn, məhkəmə statistikasının elektron qaydada aparılması hüquqşünaslıq elmləri üzrə tədiqatçıların real məhkəmə statistikasına və bu sahədə informasiyaya əlçatımlılığını və effektiv çıxışını təmin edəcək. Və yaxud, hüquqşünaslıq ixtisası üzrə ali təhsil alan tələbələr onlayn rejimdə məhkəmə proseslərini izləməklə nəzəri biliklərini praktiki müstəvidə möhkəmləndirə biləcək, habelə hüquq üzrə empirik biliklər əldə edəcəklər. Sərəncamın effektiv tətbiqi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə, eləcə də "Məhkəmələr və hakimlər haqqında” qanununa müvafiq dəyişikliklər edilməlidir.

Mənbə : www.mia.az

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq