~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimləri çox gözəl və səmimi insanlardır. Sanki, Hüquq fakültəsində ən mehriban və səmimi insanları seçib bu kafedraya toplayıblar. Deməli, bu gün dərslərimiz bitəndən sonra magistrant qrup yoldaşımla koridorda gedəndə Fakültənin Kriminalistika laboratoriyasının qapısının açıq olduğunu gördüm. Dostuma dedim ki, birinci dəfədir ki, Ali məktəbdə kriminalistika laboratoriyası görürəm, qoy uzaqdan da olsa doyunca baxaq. Bu aparaturadan axırıncı dəfə Dövlət Məhkəmə Ekspertizası Mərkəzində görmüşəm. Bu sözlərimi təsadüfən eşidən laboratoriyanın müdiri Nəriman müəllim çölə çıxdı və məni içəri dəvət etdi, məndən bunun səbəbini soruşdu, izah etdim ki, Akademiyamız idarəetmə təyinatlı olduğuna görə daha çox dövlət hüququ istiqamətli idi, yəqin ona görə, laboratoriya olmayıb. Nəriman müəllim, sağ olsun, məni və qrup yoldaşımı laboratoriya və oradakı ləvazimatlarla tanış etdi, barmaq izinə mikroskopda baxdıq, papilyar naxışlarla tanış olduq. Nəriman müəllim, bununla da kifayətlənmədi, bizə dərsi olmadığı halda və onun istirahət vaxtı olmasına baxmayaraq, həvəslə bizə kriminalistik taktikadan danışdı, əyani vəsaitlərlə izah etdi. Öz müstəntiqlik təcrübəsini bizimlə bölüşdü, açdığı cinayət işlərinə aid materialları, ifşa etdiyi və ifşasında iştirak etdiyi cinayətkar birliklərin üzvləri barədə, əyani materiallarla və fotoşəkillərlə danışdı.Nəriman müəllimin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o ekspertiza fəaliyyətindən istintaq fəaliyyətinə gəlmiş kadrdır. Bir sözlə bu gün mən Kriminalistikanı bir daha özüm üçün kəşf etdim və qeyr-rəsmi də olsa, ayaqüstü də olsa bu günə qədər gördüyüm ən maraqlı və ən məhsuldar kriminalistika dərsini aldım.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq