Qərb Qarabağ problemini boynundan atır?


23.10.2012 [17:24]Mənbə : Üç nöqtə qəzeti

Qərb Qarabağ problemini boynundan atır?

Qaya Əliyev: “Ortada yalnız Azərbaycan-Ermənistan münaqişəsi olsaydı, çoxdan həllini tapmışdı”
Cənubi qafqazdakı münaqişələrə dair çoxsaylı məqalələrinə və təhlillərinə görə tanınmış siyasi şərhçi, Karnegi Fondunun eksperti Tomas de Vaal bölgədəki xalqları intriqabazlıqda və böyük dövlətləri bir-birinə qarşı qoymaqda ittiham edib.
Cənubi qafqazdakı münaqişələrə dair çoxsaylı məqalələrinə və təhlillərinə görə tanınmış siyasi şərhçi, Karnegi Fondunun eksperti Tomas de Vaal bölgədəki xalqları intriqabazlıqda  və böyük dövlətləri bir-birinə qarşı qoymaqda ittiham edib. 
“Daily Trojan”ın verdiyi məlumata görə, ekspert münaqişənin kökləri barədə fikirlərini bildirməzdən əvvəl Qafqaz xalqları ilə dünyanın qüdrətli ölkələri arasında qarşılıqlı münasibətlərə diqqəti cəlb edib. O deyib ki, regionun kiçik xalqları ilə ABŞ və Rusiya kimi böyük dövlətlər arasında qarşılıqlı münasibətlər sonda bu xalqların öz aralarında münaqişəyə cəlb olunmasına gətirib çıxarıb. “Xırda maraqlar istənilən regional identiklik üzərində qələbə çalır. Qafqaz xalqları lokal mübahisələrə cəlb olunurlar, sonra öz himayəçilərinə - Rusiyaya və ABŞ-a üz tuturlar. Onlardan kömək istəyirlər və beləliklə, xırda mübahisə iri münaqişəyə gətirib çıxarır”, - deyə o bildirib.
Ekspertə görə, Cənubi Qafqazın ABŞ-la Rusiya arasında “böyük şahmat taxtası”nın bir parçası olduğu haqda fikirlər düzgün deyil. Əksinə, region xalqları bu qüdrətli dövlətləri öz mübahisələrinə cəlb edirlər. “Bu xalqların superdövlətləri bir-birlərinə qarşı qoymaq üzrə 500 illik təcrübəsi var. Qafqaz xalqları böyük dövlətləri öz münaqişələrinə cəlb etmək üzrə ekspertlərdir”, - deyə Tomas de Vaal bildirib. 
Ermənistanla Azərbaycan arasında münaqişə barədə danışan ekspert deyib ki, bu münaqişənin kökündə dayanan əsas səbəblər qorxu və etimadsızlıqdır. “Rusiyanın sərt nəzarət siyasəti tarixin müzakirə olunmasına imkan verməyib, nəticədə ayrı-ayrılıqda cəmiyyətlər Azərbaycan, Ermənistan və Qarabağ barədə bir-birinə zidd hekayələr quraşdırıblar. Münaqişənin bu və ya digər tərəfə heç bir mənəvi əyintisi yoxdur, hər iki tərəf bir-birindən qorxub, ona görə də münaqişə daha çox qorxudan yaranıb”, - deyə o bildirib.
O deyib ki, münaqişə gələcəkdə ABŞ, Rusiya və Avropa İttifaqının sayəsində həll edilə bilər: “Tərəflərə qüdrətli hakimlər tərəfindən daha az yardım və daha çox sülhə məcburetmə yanaşması tətbiq edilməlidir”.
Əgər Tomas de Vaalın  Qərb institutlarının maraqlarını  ifadə edən və çox zaman mühüm mesajları dilə gətirən ekspertlərdən biri olduğunu nəzərə alsaq, o zaman, Qərbin münaqişənin həllindən boyun qaçırdığı, yaxud da bu problemin həllində yetərincə maraq göstərmədiyi barədə şübhəli məqamlar ortaya çıxar. 
Qarşıdan XİN başçılarının Paris görüşünün də gözlənildiyini də qeyd etmək yerinə düşər. Belə olduğu halda, Qərb institutlarının tərəflərə “Şansınızı dəyərləndirin və kompromisə gəlin” kimi mesaj verdiyini deyə bilərikmi? Bu çağırışlar indiyədək dəyişilməyən vəziyyətdə hansı dəyişikliyə rəvac verəcək?
Məsələ ilə bağlı “Üç nöqtə”yə danışan beynəlxalq məsələlər üzrə ekspert Qaya Əliyev bildirdi ki, Tomasde Vaalın  bu açıqlaması qeyri-səmimidir və daha çox konfliktin həllindəki uğursuzluğun məsuliyyətini onun birbaşa iştirakçıları üzərinə yükləməyə indeksləşib.
“Məsələ burasındadır ki,Qarabağ münaqişəsi əgər təkcə Azərbaycan və Ermənistan arasında olan bir konflikt olsaydı çoxdan həllini tapmışdı.Amerika politoloqu Pol Qobl deyirdi ki,Qafqazdakı konfliktlər 3lü ,4lü 5li xarakter daşıyan konfliktlərdir.Yəni,konfliktin tərəfləri təkcə onun birbaşa iştirakçıları deyil. Məsələn Gürcüstanda Abxaziya münaqişəsinin subyektləri ilk baxışda Gürcüstan və onun sepratçı Abxaziya əyalətidir. Amma,əslində konfliktin real tərəfləri Gürcüstan və Rusiya-Abxaziya tandemidir.Qarabağ münaqişəsi də belədir.Bu konflikt ilk baxışda Azərbaycan və Ermənistan arasında baş versə də,onun real ,maraqlı tərəfləri Azərbaycan-Türkiyə tandemi və Rusiya Ermənistan-İran triadasıdır”.
O vurğuladı ki, münaqişənin  həllini yubadan təkcə Ermənistanın destruktiv mövqeyi deyil: “Ermənistan bu destruktiv mövqeyi Moskva-Yerevan-Tehran siyasi oxunun geosiyasi resurslarına, gücünə və maraqlarına əsaslanaraq sərgiləyir”.

Politoloq gözlənilən Paris görüşünə də toxunub: “Bu kimi görüşlər Qarabağ konfliktinin konservləşdirilməsi,mövcud status-kovunun qorunub saxlanması istiqamətində olan danışıqların tərkib hissəsidir.Qərb hələ Cənubi Qafqazda hər hansı bir etnik konflikti təkbaşına,Rusiyanın iştirakı olmadan və maraqları təmin olunmadan həll edəcək qədər və hətta həllində aparıcı mediatorluq funksiyasını yerinə yetirəcək qədər geosiyasi nüfuza malik deyil.O ki qaldı Rusiyaya,Qarabağ konflikti də daxil olmaqla,subregiondakı bütün etnik konfliktlər Rusiyanın burada həlledici aktor kimi nüfuzunun qorunub saxlanmasına xidmət edir”.
Qaya Əliyevin fikrincə, Rusiyanın rolu ən yaxşı halda konfliktin konservləşdirilməsinin davam etdirilməsindən ibarət ola bilər: “Hesab edirəm ki, gözlənilən görüş də mövcud konfliktin həllindən daha çox, cari, texniki və digər məsələlərin həlli xarakteri daşıyır. Bu tipli görüşlərdən hər hansı bir effektiv və real nəticə gözləmək üçün ilk növbədə subregionda ciddi qüvvələr nisbəti dəyişməsi, yeni geosiyasi konfiqurasiyalar, köklü geosiyasi dəyişikliklər baş verməlidir”.

Rüfət

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq