Niyə Ramil Səfərov ömürlük, Andres Breivik 21 il həbs olundu?

Tarix: 24.08.2012 | Saat: 18:56:00 |
Mənbə :"Gündəlik Teleqraf"


Bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Norveç vətəndaşı Andres Breivikin 77 nəfəri öldürdüyü ilə bağlıdır. Belə ki, 77 nəfəri öldürən bu şəxsə nə az, nə çox 21 il həbs cəzası verilib. 

Bir çoxları bu hökmün ədalətsiz olduğunu düşünür və bunu Macarıstanda ömürlük həbs cəzasına məhkum olunan zabitimiz Ramil Səfərovla müqayisə edərək bildirirlər ki, Andres xristian olduğu üçün məhkəmə ona bir növ güzəşt edib. Çünki o, 77 nəfəri öldürdüyü halda, Ramil Səfərov ancaq 1 ermənini qətlə yetirib. 

Mövzu ilə əlaqədar olaraq ekspertlərin fikirlərini öyrənməyə çalışdıq. Bu barədə Teleqraf.com-a açıqlama verən hüquqşünas Qaya Əliyev bildirir ki, çıxarılan hökmün Andres Breivikin milli, etnik, dini mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu hökm Norveçin cinayət qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və cinayətkara ən ağır cəza verilib: "Görürəm ki, sosial şəbəkələrdə niyə 77 nəfəri öldürmüş Anders Breivikə 21 il, 1 nəfəri öldürmüş Ramil Səfərova isə ömürlük həbs cəzası verilməsinin müzakirələri gedir. Məlumat üçün deyim ki, bunun Anders Breivikin və ya Ramil Səfərovun milli, etnik, dini mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur. Məsələ burasındadır ki, Norveç cinayət qanunvericiliyində cəzanın maksimum həddi 21 ildir. Norveç Krallığının müvafiq Məhkəməsi də Breivikə ölkə qanunvericiliyin müəyyən etdiyi ən yüksək cəzanı verib".

Q.Əliyevin sözlərinə görə, Norveç cinayət qanunvericiliyində ömürlük həbs cəzası yoxdur: "Norveç cinayət qanunvericiliyində ömürlük həbs cəzası yoxdur, Macarıstan cinayət qanunvericiliyində isə var. Macarıstan cinayət qanunvericliyi Norveçin müvafiq qanunvericliyinə nisbətdə sərt cəza sisteminə malikdir. Hər bir ölkənin beynəlxalq hüququn müstəqil subyekti kimi özünə məxsus cinayət hüququ və cəza sistemi var. Hətta nəzəri cəhətdən demək olar ki, əgər Ramil Səfərov Macarıstanda yox Norveçdə mühakimə olunsaydı, onun da cəzasi ömürlük həbs olmayacaqdı və ya Breivik Norveçdə yox, Macarıstanda bu əməli törətsəydi və obyektiv ərazi yurisdiksiyası prinsipinə müvafiq olaraq Macarıstanın müvafiq məhkəməsi tərəfindən mühakimə olunsaydı, yəqin ki, onun cəzası ömürlük həbs olacaqdı".


Şəmşad

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq